Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Darvinizm — Çarlz Darvinin baxışlarına əsaslanan, Yer kürəsində üzvi aləmin təkamülü nəzəriyyəsidir. "Biql" gəmisində 5 illik (1831–1836) dünya səyahətindəki müşahidələr, dövrün bioloji və seleksiya təcrübəsi nailiyyətlərinin ümumiləşdirilməsi təkamül nəzəriyyəsinin yaradılması üçün Darvinə əsas verdi. Darvin 1837-ci ildə təkamül nəzəriyyəsini işləməyə başlamış lakin onu ilk dəfə 1858-ci ildə Londonda, Linney cəmiyyətinin iclasında təbii seçmə nəzəriyyəsinin əsas müddəalarına dair məruzəsində təqdim etmişdir. Həmin iclasda çıxış edən A. Vollesin baxışları Darvinin baxışları ilə üst-üstə düşmüşdü. Lakin A. Volles etiraf etdi ki, Darvin təkamül nəzəriyyəsini ondan əvvəl daha dolğun və dərin işləmişdir. O, 1889-cu ildə çap etdirdiyi kitabını da "Darvinizm" adlandırmışdır. Darvinizm təlimində Ç. Darvin iki əsas dəyişkənlik tipinin olduğunu qeyd edirdi.
Darvin qeyri-müəyyən dəyişiklikləri təkamül üçün başlıca material mənbəyi sayırdı. Müasir biologiyanın müəyyən etdiyi kimi təkamül üçün material yalnız mutasiya və çarpazlaşma nəticəsində meydana çıxan mutasiyalar kombinasiyasına əsaslanan qeyri-müəyyən dəyişikiklər ola bilər. Orqanizmlərlə ətraf mühitin qarşılıqlı münasibəti yaşama uğrunda mübarizədə öz əksini tapır. Ç. Darvinə görə bu mübarizə bir növün bütün fərdləri üçün lazım olan həyat vasitələrinin (qida, işıq, sığınacaq, ərazi, hava, su) çatışmaması nəticəsində baş verir. Yaşamaq uğrunda mübarizədə məğlub olan fərdlər daha da zəifləyib nəsil törədə bilmir. Bu mübarizədən qalib çıxan daha doğrusu ətraf mühitə uyğunlaşa bilən fərdlər öz inkişaflarını davam etdirirlər. Eyni ərazidə yaşayan bir növün fərdləri arasında daima kəskin mübarizə gedir. Yuxarıda qeyd olunduğu kimi ətraf mühitə uyğunlaşa bilən fərdlər inkişaf edib yeni növ, və ya eyni növdə yeni əlamət yarada bilər. Əlamətlərin bu üsulla ayrılması divergensiya adlanır. Təkamülün əsas hərəkət verici qüvvəsi təbbi seçmədir. Təbbi seçmə isə yaşamaq uğrunda mübarizənin nəticəsidir. Çarlz Darvinin elmə əsas xidməti bu hərəkət verici qüvvənin kəşf etməsi olub.